Futbol üzrə dünya çempionatında üçüncü yer uğrunda keçirilən Fransa və İngiltərə yığmaları arasındakı qarşılaşma (4:6) turnirin tarixinə ən çox qol vurulan kiçik final matçı kimi düşüb.
Postxronika.az xəbər verir ki, bu qarşılaşmaya qədər dünya çempionatları tarixində üçüncü yer uğrunda ən məhsuldar oyun 1958-ci ildə qeydə alınmışdı. Həmin vaxt Fransa millisi Qərbi Almaniyanı 6:3 hesabı ilə məğlub etmişdi. Son oyun həm də cari çempionatın hələlik ən çox qol vurulan matçı statusunu alıb. Turnirin əvvəlində, E qrupunda Almaniya millisi Kurasao komandasına 7:1 hesabı ilə qalib gəlmişdi.
Fransa üzərində 6:4 hesablı qələbə qazanan İngiltərə tarixində ilk dəfə dünya çempionatının bürünc medallarına sahib çıxıb. Ada təmsilçisi daha əvvəl 1990 və 2018-ci illərdə də üçüncü yer uğrunda oynasa da, hər iki matçda məğlubiyyətlə barışmalı olmuşdu. Beləliklə, 1966-cı ildə çempionluq sevinci yaşayan ingilislər son 60 ilin ən uğurlu dünya çempionatı performansını nümayiş etdiriblər.
Bu matç Fransa millisi üçün digər bir uğursuz göstərici ilə də yadda qalıb. Belə ki, fransızlar 1968-ci ildən bəri ilk dəfə bir oyunun ilk hissəsində öz qapılarından 4 qol buraxıblar.