Fransanın Kolmar şəhərində VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsinə start verilib.
Postxronika.az xəbər verir ki, düşərgə Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və təşkilatçılığı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi və Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin birgə iştirakı ilə təşkil olunub.
Kolmar şəhərinin meşəlik ərazisində keçirilən düşərgənin proqramına maarifləndirici təlimlər, intellektual oyunlar, mədəniyyət və idman tədbirləri, eləcə də vətənpərvərlik mövzusunda görüşlər daxildir.
Düşərgədə Azərbaycanın ümumtəhsil məktəblərində təhsil alan şəhid övladları Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin şagirdləri ilə bir araya gəliblər.
Açılış mərasimində Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin sədri Qasım Nəsirov, təlimçi Lalə Hüseynzadə və Azərbaycan-Fransa Mədəniyyət Assosiasiyasının nümayəndəsi Əsbənd Fətəliyeva çıxış edərək uşaqlara göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıblar.
Bildirilib ki, layihə şəhid övladları ilə xaricdə yaşayan azərbaycanlı uşaqlar arasında əlaqələrin gücləndirilməsinə, milli-mənəvi dəyərlərin təbliğinə və gələcək diaspor nəslinin formalaşmasına töhfə verməyi hədəfləyir.
Qeyd edək ki, VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi iyulun 23-dək davam edəcək.