Vaqif Poeziya Günləri çərçivəsində Şuşanın mərkəzində “Kitab dayanacağı” adlı ilk açıq hava kitabxanası istifadəyə verilib.
Postxronika.az xəbər verir ki, layihə Azərbaycan Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “Azercell Telekom” MMC və “Aztelekom” MMC-nin tərəfdaşlığı ilə həyata keçirilib.
Mədəniyyət Nazirliyinin məlumatına görə, layihənin əsas məqsədi Şuşanın zəngin tarixi və ədəbi mühitinin təbliği, şəhər sakinləri və qonaqları üçün mütaliə imkanlarının genişləndirilməsidir.
Açılış mərasimində mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov və “Azercell”in Korporativ ünsiyyət departamentinin direktoru Sona Abbasova iştirak ediblər.
Bildirilib ki, “Kitab dayanacağı” 24 saat fəaliyyət göstərəcək və hər kəs burada təqdim olunan kitablardan sərbəst şəkildə istifadə edə biləcək.
Layihənin ilk qonağı Xalq şairi Vahid Əziz olub. Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının sədri, şair və esseist Fərid Hüseynin moderatorluğu ilə keçirilən görüşdə Vahid Əziz yaradıcılıq yolundan danışıb, şeirlərini səsləndirib və iştirakçıların suallarını cavablandırıb.