Gənclər və idman nazirinin müavini İndira Hacıyevanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti BMT-nin Nyu-Yorkdakı Baş qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forum (YSSF) çərçivəsində bir sıra tədbirlərdə iştirak edib.
Postxronika.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Forum çərçivəsində davamlı inkişaf məqsədlərinin icrası və bu prosesdə gənclərin rolu ilə bağlı müzakirələr aparılıb.
Səfər zamanı İndira Hacıyeva BMT Gənclər Ofisinin rəhbəri, BMT Baş katibinin Gənclər məsələləri üzrə köməkçisi Felipe Paullier ilə görüşüb. Görüşdə BMT Gənclər Ofisi ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi və azərbaycanlı gənclərin gələcək təcrübə proqramlarında iştirakı məsələləri müzakirə edilib.
Bununla yanaşı, Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi çərçivəsində AQEM Katibliyi və Qazaxıstanla birgə “AQEM üzv dövlətlərində könüllülük” adlı fotosərginin açılışı keçirilib. Həmçinin “AQEM üzv dövlətlərində könüllülük üzrə ən yaxşı təcrübələr” mövzusunda yan tədbir təşkil olunub.