“Meta” şirkətinin hazırladığı süni intellekt söhbət robotundan istifadə edilərək bir sıra “Instagram” hesablarının ələ keçirildiyi məlum olub.
Postxronika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, kibercinayətkarlar süni intellektdən müəyyən hesabı yeni e-poçt ünvanı ilə əlaqələndirməsini istəyiblər. Süni intellektin yeni ünvana göndərdiyi təsdiqləmə kodu vasitəsilə hesabların şifrələri dəyişdirilib. Hücum zamanı “Meta”nın təhlükəsizlik sistemlərini keçmək üçün VPN xidmətindən istifadə olunaraq müxtəlif məkanlardan giriş görüntüsü yaradılıb.
Bildirilib ki, bu üsulla ələ keçirilən hesablar arasında ABŞ-nin keçmiş prezidenti Barak Obamanın prezidentliyi dövründə istifadə etdiyi rəsmi “Instagram” hesabı da olub.
“Meta” açıqlamasında təhlükəsizlik boşluğunun aşkar edildikdən sonra aradan qaldırıldığını, həmçinin zərərçəkən istifadəçilərin hesablarının bərpası istiqamətində işlərin aparıldığını bildirib.