1870-ci ilin avqust ayının sonlarına doğru Fransa-Prussiya müharibəsinin taleyi artıq böyük ölçüdə müəyyənləşmişdi. Müharibənin ilk həftələrində Vissenburq, Vert və Spixeren döyüşlərində qazandığı ardıcıl qələbələr Prussiyanın rəhbərliyi altındakı alman dövlətlərinə strateji təşəbbüsü tam ələ keçirməyə imkan vermişdi. Lakin hadisələrin gedişini yalnız döyüş meydanında əldə edilən uğurlarla izah etmək doğru olmazdı. Uzun illər aparılmış hərbi islahatlar, Baş Qərargah sisteminin peşəkar fəaliyyəti, dəmir yollarından səmərəli istifadə, teleqraf rabitəsinin imkanlarından istifadə və əvvəlcədən hazırlanmış əməliyyat planları Prussiya ordusunu müharibənin ilk günlərində təşəbbüsü ələ almasına səbəb olmuşdu. Prussiya ordusu yalnız döyüş meydanında deyil, həm də vahid hərbi təşkilatlanma, idarəetmə və qoşunların koordinasiyası baxımından Fransa ordusundan üstün olduğunu nümayiş etdirirdi.
Alman komandanlığı hərbi əməliyyatlar zamanı yalnız böyük şəhərlərin və qalaların tutulmasını əsas məqsəd hesab etmirdi. Strateji yüksəkliklərin, təpələrin, körpülərin, dəmiryol qovşaqlarının və kiçik yaşayış məntəqələrinin nəzarət altına alınması da əməliyyat planlarının mühüm hissəsini təşkil edirdi. Vissenburq, Fröşviller, Spixeren və Qravelot istiqamətlərində gedən döyüşlər zamanı tərəflər ayrı-ayrı kəndlər, fermalar və dominant yüksəkliklər uğrunda amansız mübarizə aparırdılar. Bəzi mövqelər gün ərzində bir neçə dəfə əl dəyişsə də, döyüşlərin sonunda əsas yüksəkliklər alman ordusunun nəzarətində qalırdı. Bu mövqelərdən yerləşdirilən artilleriya Fransa ordusunun müdafiə xətlərini uzaq məsafədən dəqiq atəş altında saxlayır, alman piyadalarının irəliləməsini xeyli asanlaşdırırdı. Müharibənin ilk mərhələsində əldə edilən bu taktiki üstünlük sonrakı hadisələrin gedişinə də həlledici təsir göstərdi.
1870-ci il avqustun 18-də baş vermiş Qravelot-Sent-Priva döyüşü Fransa ordusu üçün ağır nəticələr doğurdu. Marşal Fransua Bazenin rəhbərlik etdiyi Reyn ordusu Mets qalasına çəkilməyə məcbur oldu. Alman qoşunları şəhəri mühasirəyə alaraq Fransa ordusunun ən böyük hərbi birləşməsini faktiki olaraq döyüş meydanından təcrid etdilər. Təxminən 180 min nəfərlik ordunun Metsdə mühasirədə qalması Fransa komandanlığının manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırdı. Artıq təşəbbüs tamamilə Alman Baş Qərargahının əlində idi.
Bu vəziyyətdə imperator III Napoleon və marşal Patris Mak-Mahon son cəhd olaraq yeni formalaşdırılmış Şalon ordusu ilə Metsdə mühasirəyə alınmış Bazenin qüvvələrini azad etməyə qərar verdilər. Lakin Alman Baş Qərargahı Fransa komandanlığının niyyətini vaxtında müəyyənləşdirdi. Helmut fon Moltke Fransa ordusunun hərəkət istiqamətini düzgün qiymətləndirərək müxtəlif alman korpuslarını sürətlə Sedan istiqamətində cəmləşdirdi. Dəmir yollarından və teleqraf rabitəsindən səmərəli istifadə alman komandanlığına qoşunların koordinasiyasını qısa müddətdə təmin etməyə imkan verdi. Nəticədə Fransa ordusu təşəbbüsü tamamilə itirdi və Sedan yaxınlığında əlverişsiz mövqedə alman qoşunları tərəfindən mühasirəyə alındı.
1870-ci il sentyabrın 1-də baş vermiş Sedan döyüşü Fransa-Prussiya müharibəsinin həlledici mərhələsinə çevrildi. Alman qoşunları Fransa ordusunu demək olar ki, bütün istiqamətlərdən mühasirəyə aldılar. Sedan döyüşünə bilavasitə rəhbərlik edən III Napoleon sağlamlığında yaranan ciddi problemlərə baxmayaraq ordusunu tərk etmədi və hadisələrin gedişini şəxsən izləməyə davam etdi. Lakin saatlar keçdikcə vəziyyət ümidsiz xarakter alırdı. Alman artilleriyası ətraf yüksəkliklərdən Fransa mövqelərini fasiləsiz atəş altında saxlayır, piyada hissələri isə mühasirə halqasını getdikcə daraldırdı. Fransız qoşunlarının əks-hücum cəhdləri nəticə vermədi.
Artıq mübarizənin davam etdirilməsi Fransa ordusunun tam məhv edilməsi təhlükəsini yaradırdı. Mühasirəyə alınmış təxminən 80 min nəfərlik ordunun həyatını xilas etmək məqsədilə III Napoleon sentyabrın 2-də təslim olmaq qərarı verdi. Onun əsir düşməsi təkcə Fransa üçün deyil, bütün Avropa üçün böyük siyasi hadisəyə çevrildi. İlk dəfə idi ki, qitənin aparıcı dövlətlərindən birinin hakim imperatoru döyüş meydanında rəqib dövlətin əsirinə çevrilirdi.
Sonralar bu hadisəni əks etdirən bir sıra rəsm əsərlərində III Napoleonun qılıncını Prussiya kralı I Vilhelmə təqdim etməsi təsvir edilmişdir. Lakin tarixi mənbələr belə bir mərasimin keçirildiyini təsdiqləmir. Əksinə, həm I Vilhelm, həm də Otto fon Bismark məğlub imperatora dövlət başçısı statusuna uyğun hörmət göstərməyə çalışmış, onun alçaldılmasına xidmət edəcək nümayişkaranə təslim mərasimindən yayınmışdılar. Bu səbəbdən rəsmlərdə qılıncın təqdim olunması tarixi fakt kimi deyil, məğlubiyyət və təslim olmanın simvolik bədii təsviri kimi qiymətləndirilməlidir.
Sedan məğlubiyyəti Fransanın daxili siyasi həyatında da dərin sarsıntı yaratdı. Xəbər Parisə çatdıqdan cəmi iki gün sonra - 1870-ci il sentyabrın 4-də II Fransa imperiyası süqut etdi və respublika elan olundu. Bununla belə, yeni hökumət Almaniya ilə sülh bağlamaq əvəzinə müharibəni davam etdirmək niyyətində idi. Lakin artıq təşəbbüs tamamilə Prussiya və rəhbərliyindəki alman dövlətlərinə məxsus idi. Alman qoşunları sürətlə Paris istiqamətində irəliləyərək paytaxtı mühasirəyə almağa başladılar.
Parisin mühasirəsi Fransa-Prussiya müharibəsinin ən ağır və dramatik mərhələlərindən biri oldu. 1870-ci il sentyabrın 19-da başlayan mühasirə dörd aydan çox davam etdi. Alman qoşunları paytaxtı hər tərəfdən mühasirəyə alaraq şəhərin dəmir yollarını, əsas kommunikasiya xətlərini və ərzaq təchizatı marşrutlarını nəzarət altına götürdülər. Paris faktiki olaraq xarici aləmdən təcrid olunmuşdu. Fransa hökuməti şəhərlə əlaqəni əsasən hava şarları və poçt göyərçinləri vasitəsilə saxlamağa çalışırdı.
Mühasirə uzandıqca şəhərdə sosial vəziyyət sürətlə pisləşirdi. Ərzaq ehtiyatları tükənir, yanacaq çatışmazlığı dərinləşir, qiymətlər isə hər gün artırdı. Əvvəlcə atlar, daha sonra it və pişiklər, hətta Paris zooparkındakı bəzi heyvanlar belə qida kimi istifadə olunurdu. Aclıqla yanaşı, xəstəliklər də geniş yayılırdı. Buna baxmayaraq, şəhərdə müqavimət ruhu tamamilə sönməmişdi. Milli Qvardiya hissələri və könüllülər müdafiəni davam etdirir, Paris əhalisi isə ağır şəraitə baxmayaraq təslim olmağın əleyhinə çıxırdı.
Prussiya rəhbərliyi daxilində Parisin taleyi ilə bağlı vahid mövqe mövcud deyildi. Baş Qərargah rəisi Helmut fon Moltke və mühasirəyə rəhbərlik edən general Leonhard fon Blumental hesab edirdilər ki, şəhəri ağır artilleriya atəşinə tutmağa ehtiyac yoxdur. Onların fikrincə, uzunmüddətli mühasirə və ərzaq çatışmazlığı onsuz da Parisi təslim olmağa məcbur edəcəkdi. Bundan başqa, mülki əhalinin bombalanması Almaniyanın beynəlxalq nüfuzuna mənfi təsir göstərə və Avropa dövlətlərinin ictimai rəyində narazılıq yarada bilərdi.
Otto fon Bismark isə məsələyə daha çox siyasi prizmadan yanaşırdı. O hesab edirdi ki, müharibənin uzanması həm Almaniya iqtisadiyyatı, həm də diplomatik vəziyyət üçün arzuolunan deyil. Buna görə də Paris üzərində hərbi təzyiqin artırılmasını müdafiə edir, artilleriya bombardmanının Fransa hökumətini daha tez sülhə məcbur edəcəyini düşünürdü. Nəticədə I Vilhelmin razılığı ilə 1870-ci ilin sonlarından etibarən, xüsusilə 1871-ci ilin yanvarında Paris artilleriya atəşinə tutulmağa başladı. Bombardman şəhərin müdafiə mövqelərinə zərbə vurmaq məqsədi daşısa da, mərmilər yaşayış məhəllələrinə də düşürdü. Onsuz da aylardır mühasirə, aclıq və soyuqla mübarizə aparan Paris sakinləri üçün bu, vəziyyəti daha da ağırlaşdırdı. Bombardman hərbi baxımdan müharibənin taleyini həll etmədi. Lakin şəhər əhaləsinin psixoloji durumuna ciddi təsir göstərdi, həm müdafiəçilər, həm də mülki əhali üzərində təzyiqi artıraraq Parisin müqavimət imkanlarını daha da zəiflətdi.
Fransa ilə müharibə həmin dövlətlərdə alman milli birliyi ideyasını daha da gücləndirdi. Xarici təhlükə qarşısında cənub alman hökmdarları Prussiya kralının rəhbərliyini qəbul etdilər. Beləliklə, Almaniyanın siyasi birləşdirilməsi faktiki olaraq başa çatdı.
1871-ci il yanvarın 18-də Versal sarayının məşhur Güzgülü salonunda Alman knyazları və digər alman dövlətlərinin hökmdarlarının iştirakı ilə Prussiya kralı I Vilhelm Almaniya imperatoru elan olundu. Bununla da uzun illər davam edən Almaniyanın siyasi birləşməsi prosesi başa çatdı və Prussiyanın rəhbərliyi altında vahid Almaniya imperiyası (II Reyx) yaradıldı. Otto fon Bismark isə Almaniya imperiyasının reyxkansleri elan edildi. Almaniya imperiyasının qurulması Avropada mövcud olan siyasi qüvvələr nisbətinin dəyişdiyini göstərən tarixi dönüş nöqtəsi idi.
Versalın seçilməsi təsadüfi deyildi. XVII əsrdən etibarən bu saray Fransa monarxiyasının qüdrətinin və Avropadakı siyasi üstünlüyünün əsas rəmzlərindən biri hesab olunurdu. Alman imperiyasının məhz burada elan edilməsi Fransaya ünvanlanmış açıq siyasi mesaj idi. Bismark bununla göstərmək istəyirdi ki, artıq Avropanın yeni siyasi və hərbi güc mərkəzi Almaniyadır.
Yeni yaranmış Alman imperiyası federal quruluşa malik idi. Onun tərkibinə dörd krallıq, altı böyük hersoqluq, beş hersoqluq, yeddi knyazlıq və Hamburq, Bremen, Lübek kimi azad şəhərlər daxil idi. Ərazi və əhali baxımından ən böyük dövlət olan Prussiya imperiyanın əsas siyasi və hərbi dayağına çevrildi. Xarici siyasət, ordu və imperiyanın ümumi idarəçiliyi Berlinin nəzarətində cəmləşdirildi.
1871-ci il yanvarın 28-də Fransa hökuməti Almaniya ilə atəşkəs imzalamağa məcbur oldu. Lakin bu qərar xüsusilə Paris əhalisi tərəfindən birmənalı qarşılanmadı. Dörd aydan artıq davam edən mühasirə şəhər sakinlərini ağır vəziyyətə salmışdı. Minlərlə insan aclıq, soyuq və xəstəliklə üzləşmiş, Milli Qvardiyanın on minlərlə döyüşçüsü isə şəhərin müdafiəsində iştirak etmişdi. Belə bir şəraitdə Almaniya ilə bağlanan atəşkəs bir çox parisli tərəfindən məğlubiyyətin qəbul edilməsi kimi qiymətləndirilirdi.
1871-ci il fevralında keçirilən Milli Məclis seçkilərində sülh tərəfdarı olan qüvvələr üstünlük qazandılar. Yeni hökumətə Adolf Tyer rəhbərlik edirdi. Onun əsas məqsədi Almaniya ilə sülh müqaviləsini mümkün qədər tez başa çatdırmaq və ölkədə dövlət hakimiyyətini bərpa etmək idi. Lakin Parisdə formalaşmış siyasi mühit hökumətin planları ilə uzlaşmırdı. Milli Qvardiya özünü şəhərin əsas müdafiə qüvvəsi hesab edir, silahlarını təhvil vermək niyyətində deyildi. Fəhlələr, sənətkarlar və radikal respublikaçılar isə Versal hökumətinə etimad göstərmirdilər.
Gərginlik 1871-ci il martın 18-də kulminasiya nöqtəsinə çatdı. Hökumət Parisin Monmartr təpəsində və digər məntəqələrdə Milli Qvardiyanın nəzarətində olan topları müsadirə etmək qərarına gəldi. Lakin əməliyyat uğursuzluqla nəticələndi. Yerli əhali və Milli Qvardiya əsgərləri hökumət qüvvələrinə müqavimət göstərdilər. Bir sıra hərbçilər dinc əhaliyə atəş açmaq əmrini yerinə yetirməkdən imtina etdilər. Nəticədə hökumət qoşunları şəhərdən geri çəkildi, Adolf Tyer və hökumət üzvləri isə Versala köçdülər. Bununla da Parisdə hakimiyyət faktiki olaraq Milli Qvardiyanın Mərkəzi Komitəsinin əlinə keçdi.
Martın 26-da keçirilən seçkilərdən sonra iki gün sonra - 28 mart 1871-ci ildə Paris Kommunası rəsmən elan olundu. Dünya tarixində ilk dəfə böyük bir Avropa paytaxtında hakimiyyət özünü fəhlələrin, sənətkarların, Milli Qvardiya döyüşçülərinin və radikal respublikaçıların seçilmiş nümayəndələri kimi təqdim edən siyasi qurumun əlinə keçdi. Məhz buna görə Paris Kommunası sonralar sosialist hərəkatının tarixində xüsusi yer tutdu və Karl Marks tərəfindən proletariat hakimiyyətinin ilk tarixi nümunəsi kimi qiymətləndirildi.
Hakimiyyətdə olduğu cəmi 72 gün ərzində Paris Kommunası bir sıra sosial və siyasi islahatlar həyata keçirməyə çalışdı. Kilsə dövlətdən ayrıldı, dini qurumların dövlət idarəçiliyinə təsiri məhdudlaşdırıldı. İşəgötürənlərin fəhlələrə tətbiq etdikləri pul cərimələri ləğv edildi, kommersiya borclarının icrası təxirə salındı, faizlərin hesablanması dayandırıldı. Müharibədə həlak olmuş Milli Qvardiya döyüşçülərinin ailələrinə maddi yardım ayrıldı, 20 franka qədər dəyəri olan fəhlə alətləri lombardlardan ödənişsiz geri qaytarıldı. Məcburi hərbi xidmət ləğv edilərək bütün silahlı qüvvələrin Milli Qvardiya əsasında formalaşdırılması qərara alındı. Həmçinin Fransa inqilablarından bəri ölüm hökmünün rəmzi hesab edilən gilyotin nümayişkaranə şəkildə yandırıldı.
Bununla belə, Paris Kommunasının fəaliyyəti bütün sahələrdə ardıcıl deyildi. Qadınlar barrikadalarda döyüşür, yaralılara yardım edir və ictimai həyatın müxtəlif sahələrində fəal iştirak edirdilər. Buna baxmayaraq, onlara seçki hüququ verilməmişdi. Bundan əlavə, Kommuna rəhbərliyi Fransa Bankını tam nəzarət altına almaq kimi mühüm iqtisadi qərarlar qəbul etmədi. Bu isə sonradan tarixçilər tərəfindən Kommunanın əsas strateji səhvlərindən biri kimi qiymətləndirildi.
Paris Kommunasının qarşısında duran ən böyük problem həyata keçirmək istədiyi islahatlardan daha çox hərbi və siyasi təcrid idi. Kommuna yalnız Parisə nəzarət edirdi. Fransanın böyük hissəsi isə Versalda yerləşən Adolf Tyer hökumətinin hakimiyyəti altında qalırdı. Tyer hökuməti Kommunanı legitim hakimiyyət deyil, dövlətə qarşı silahlı üsyan kimi qiymətləndirir və onun mövcudluğunu Fransa Respublikasının gələcəyi üçün ciddi təhlükə hesab edirdi. Buna görə də Paris üzərində nəzarəti bərpa etmək hökumətin əsas məqsədinə çevrilmişdi.
Bu mərhələdə Almaniya imperiyasının tutduğu mövqe xüsusi diqqət çəkir. Cəmi bir neçə ay əvvəl Fransa ilə müharibə aparan Almaniya artıq tamamilə fərqli təhlükə ilə üz-üzə idi. Otto fon Bismark başa düşürdü ki, Paris Kommunasının uğur qazanması təkcə Fransada deyil, Almaniyada və Avropanın digər sənaye mərkəzlərində də sosial inqilabi hərəkatların güclənməsinə təkan verə bilər. Xüsusilə Almaniyanın yeni yaradılmış imperiya kimi daxili sabitliyə ehtiyacı olduğu bir vaxtda belə bir inkişaf Bismark üçün ciddi risk sayılırdı. Buna görə də onun əsas məqsədi artıq Fransanı daha da zəiflətmək deyil, Avropada inqilabi hərəkatın genişlənməsinin qarşısını almaq idi.
Məhz bu səbəbdən Almaniya Versal hökumətinə mühüm siyasi və hərbi üstünlük qazandıran addımlar atdı. Frankfurt sülh müqaviləsinin bütün şərtləri hələ tam yerinə yetirilməmiş, Fransa müharibə təzminatını tam ödəməmişdi. Buna baxmayaraq, Almaniya on minlərlə fransız hərbi əsirinin vaxtından əvvəl azad edilməsinə razılıq verdi. Bu qərar humanitar jestdən daha çox siyasi hesablamanın nəticəsi idi. Azad olunan zabit və əsgərlər qısa müddətdə yenidən təşkil edilən Versal ordusunun sıralarına daxil oldular və Paris Kommunasına qarşı aparılan əməliyyatlarda əsas qüvvəyə çevrildilər.
Alman qoşunları Paris küçələrində Kommunaya qarşı döyüşmürdülər və şəhərin tutulması əməliyyatlarında iştirak etmirdilər. Lakin Bismarkın qəbul etdiyi qərarlar Versal hökumətinin hərbi imkanlarını əhəmiyyətli dərəcədə artırdı. Bu baxımdan Almaniya Kommunanın süqutunda birbaşa deyil, dolayı, lakin mühüm rol oynadı.
Versal hökuməti kifayət qədər qüvvə topladıqdan sonra həlledici hücuma başladı. 1871-ci il mayın 21-də hökumət qoşunları Parisin qərb hissəsindən şəhərə daxil oldular. Sonrakı günlərdə Paris küçələri barrikadalarla doldu. Kommunarlar şəhərin müxtəlif məhəllələrində müdafiə mövqeləri quraraq müqavimət göstərməyə çalışırdılar. Döyüşlər təkcə əsas küçələrdə deyil, dar keçidlərdə, meydanlarda, yaşayış məhəllələrində və inzibati binaların ətrafında da davam edirdi. Hər barrikada ayrıca döyüş meydanına çevrilmişdi.
Mayın 21-dən 28-dək davam edən bu qanlı qarşıdurmalar tarixə "Qanlı həftə" adı ilə daxil olmuşdur. Küçə döyüşləri son dərəcə amansız xarakter daşıyırdı. Hökumət qoşunları şəhərin bir hissəsini nəzarətə götürdükcə kommunarlar yeni müdafiə xətləri qurur, geri çəkilərək müqaviməti davam etdirirdilər. Lakin say, artilleriya və hazırlıq baxımından üstün olan Versal ordusunun irəliləyişini dayandırmaq mümkün olmadı.
Döyüşlərin son günlərində Parisin bir sıra tarixi binaları, o cümlədən Tülleri sarayı, Ədliyyə Sarayının bir hissəsi, Maliyyə Nazirliyi və digər inzibati tikililər yanğın nəticəsində məhv oldu. Bu yanğınların səbəbləri ilə bağlı tarixşünaslıqda müxtəlif yanaşmalar mövcuddur. Ən geniş qəbul edilən fikrə görə, binaların əksəriyyəti geri çəkilən kommunarlar tərəfindən yandırılmışdı. Lakin bəzi tarixçilər döyüşlər zamanı artilleriya atəşi və ümumi hərbi vəziyyətin də dağıntılara təsir göstərdiyini qeyd edirlər.
Mayın 28-də Paris Kommunasının son müdafiə ocaqları da süqut etdi. Bunun ardınca genişmiqyaslı repressiyalar başlandı. Minlərlə kommunar məhkəməsiz güllələndi, on minlərlə insan həbs edildi, minlərlə nəfər isə Yeni Kaledoniya da daxil olmaqla Fransa müstəmləkələrinə sürgün olundu. Həlak olanların dəqiq sayı bu gün də tarixçilər arasında mübahisə mövzusudur. Müxtəlif hesablamalara görə, "Qanlı həftə" zamanı on minlərlə insan həyatını itirmişdir. Bu hadisələr XIX əsr Avropasının ən qanlı siyasi repressiyalarından biri hesab olunur.
Paris Kommunasının süqutu ilə Fransada vətəndaş qarşıdurması başa çatsa da, Fransa-Prussiya (1871-ci ilin yanvarın 18-dən etibarən Fransa-Almaniya müharibəsi kimi davam etmişdi) müharibəsinin siyasi nəticələri bununla yekunlaşmadı. Əksinə, 1870-1871-ci illər hadisələri Avropanın beynəlxalq münasibətlər sistemində yeni mərhələnin əsasını qoydu. Müharibənin qalibi Almaniya imperiyası olsa da, onun doğurduğu nəticələr qalib və məğlub tərəflərin hüdudlarını aşaraq bütövlükdə qitənin siyasi taleyinə təsir göstərdi.
1871-ci il mayın 10-da Frankfurt şəhərində imzalanan sülh müqaviləsi Almaniyanın qələbəsini hüquqi baxımdan rəsmiləşdirdi. Müqaviləyə əsasən Fransa Almaniyaya 5 milyard frank həcmində müharibə təzminatı ödəməyi öhdəsinə götürdü. XIX əsrin maliyyə göstəriciləri nəzərə alındıqda bu, son dərəcə böyük məbləğ idi. Almaniya təzminat tam ödənilənədək Fransa ərazisinin bir hissəsini işğal altında saxlayacağını da bəyan etdi. Lakin Fransa hökuməti gözləniləndən daha sürətli şəkildə maliyyə vəsaiti toplayaraq öhdəliyini yerinə yetirdi və 1873-cü ildə Alman qoşunları işğal etdikləri ərazilərdən çıxarıldılar.
Bununla belə, Elzasın böyük hissəsi və Lotaringiyanın şimal-şərqi Almaniya imperiyasının tərkibində qaldı. Bu bölgələrin əhəmiyyəti yalnız milli məsələ ilə məhdudlaşmırdı. Elzas və Lotaringiya Avropanın ən zəngin dəmir filizi və sənaye rayonlarından biri idi. Xammal ehtiyatlarının Almaniyanın nəzarətinə keçməsi yeni imperiyanın ağır sənayesinin və hərbi istehsalının sürətlə inkişaf etməsinə əlverişli şərait yaratdı. Qısa müddət sonra Almaniya polad istehsalı, maşınqayırma və kimya sənayesi sahəsində Avropanın aparıcı dövlətlərindən birinə çevrildi.
Fransa üçün isə məğlubiyyətin nəticələri təkcə iqtisadi itkilərlə məhdudlaşmırdı. Elzas və Lotaringiyanın itirilməsi cəmiyyətdə dərin psixoloji sarsıntı yaratdı. Bu hadisə milli qürurun alçaldılması kimi qəbul edilir, məktəblərdə, mətbuatda və siyasi çıxışlarda itirilmiş torpaqların geri qaytarılması ideyası müntəzəm şəkildə gündəmə gətirilirdi. Beləliklə, Fransa siyasi həyatında revanşizm adlandırılan yeni istiqamət formalaşdı. Bu siyasətin əsas məqsədi Almaniyadan məğlubiyyətin əvəzini çıxmaq və itirilmiş əraziləri geri almaq idi.
Otto fon Bismark isə yaranmış vəziyyətin Almaniya üçün yeni təhlükələr doğura biləcəyini yaxşı anlayırdı. O, Fransanın yaxın gələcəkdə revanş almağa çalışacağını istisna etmirdi. Məhz buna görə Almaniya imperiyasının xarici siyasəti hərbi ekspansiyadan daha çox diplomatik tarazlığın qorunmasına yönəldi. Bismark müxtəlif ittifaqlar sistemi yaradaraq Fransanı beynəlxalq aləmdə təcrid etməyə və Almaniyaya qarşı geniş koalisiyanın formalaşmasının qarşısını almağa çalışırdı. Onun diplomatik kursu təxminən iyirmi il ərzində Avropada böyük müharibənin baş verməsinin qarşısını aldı.
Lakin Bismarkın istefasından sonra Almaniyanın xarici siyasəti dəyişməyə başladı. II Vilhelmin dövründə imperiya daha fəal dünya siyasəti yürütməyə, dəniz donanmasını genişləndirməyə və müstəmləkə rəqabətində Böyük Britaniya ilə mübarizəyə girişdi. Bu isə Avropada qüvvələr nisbətini yenidən gərginləşdirdi. Fransa Almaniyanın artan gücünü əsas təhlükə hesab edərək Rusiya ilə, daha sonra isə Böyük Britaniya ilə yaxınlaşmağa başladı. Beləliklə, XIX əsrin sonlarında formalaşan qarşılıqlı ittifaqlar sistemi gələcək böyük müharibənin siyasi zəminini hazırladı.
Əli Novruzov (Tarixçi)