ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatına İspaniya millisinin zəfəri ilə yekun vurulub.
Postxronika.az xəbər verir ki, Nyu-York şəhərindəki “MetLayf” stadionunda keçirilən final qarşılaşmasında İspaniya və Argentina yığmaları üz-üzə gəlib.
Gərgin və mübarizənin ön planda olduğu oyunun əsas vaxtında hesab açılmayıb. Finalın taleyi əlavə vaxtda həll olunub. Matçın 106-cı dəqiqəsində Ferran Torres rəqib qapısına yol taparaq İspaniya yığmasına 1:0 hesablı qələbə və dünya çempionluğu qazandırıb.
Argentina millisi əsas vaxtın son dəqiqələrində ciddi itki ilə üzləşib. Enzo Fernandes 90+3-cü dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub və Cənubi Amerika təmsilçisi əlavə vaxtı azlıqda keçirmək məcburiyyətində qalıb.
Beləliklə, İspaniya tarixində ikinci dəfə futbol üzrə dünya çempionu adına sahib çıxıb. “Qırmızı furiyalar” ilk dəfə bu uğuru 2010-cu ildə Cənubi Afrikada keçirilən mundialda əldə etmişdi.
Qeyd edək ki, üçüncü yer uğrunda keçirilən görüşdə İngiltərə millisi Fransanı 6:4 hesabı ilə məğlub edərək bürünc medallara yiyələnib.