Yay aylarında avtomobildə uzun müddət saxlanılan qablaşdırılmış suların istehlakı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Mütəxəssislər isə bildirirlər ki, suyun keyfiyyətinin qorunması üçün əsas amillərdən biri onun düzgün saxlanma şəraitidir.
Bu barədə Avrora MMC-nin içki istehsalatı üzrə operatoru Riad Məmmədov Postxronika.az-a açıqlamasında bildirib.
R.Məmmədovun sözlərinə görə, qablaşdırılmış sular birbaşa günəş şüaları və yüksək temperaturun təsirinə uzun müddət məruz qalmamalıdır.
“Qablaşdırılmış sular istehsal prosesində müəyyən olunmuş keyfiyyət və təhlükəsizlik standartlarına uyğun hazırlanır. Lakin məhsulun bu keyfiyyətini qoruması üçün onun saxlanma şəraitinə də riayət edilməlidir. Xüsusilə yay aylarında avtomobil salonunda temperaturun kəskin yüksəlməsi məhsulun fiziki xüsusiyyətlərinə mənfi təsir göstərə bilər. Buna görə də suların sərin, quru və günəş şüalarından uzaq mühitdə saxlanılması tövsiyə olunur.”
“Qablaşdırılmış suyun təhlükəsizliyi yalnız istehsal mərhələsindən deyil, istehlakçıya çatana qədər necə saxlanılmasından da asılıdır. Düzgün saxlanma qaydalarına əməl olunması məhsulun keyfiyyətinin və təhlükəsizliyinin qorunmasına xidmət edir.”
R.Məmmədov vurğulayıb ki, qablaşdırılmış su ilə bağlı istehlakçıların maarifləndirilməsi sağlam istehlak mədəniyyətinin formalaşdırılması və məhsulun düzgün istifadə olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Nigar Vüqarqızı