Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə media savadlığı gənclərin informasiya mühitində düzgün istiqamətlənməsi, dezinformasiyanın təsirindən qorunması və tənqidi düşüncə bacarıqlarının formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. İnformasiya axınının intensivləşdiyi bir dövrdə bu bacarığın inkişaf etdirilməsi cəmiyyət üçün prioritet məsələlərdən biri hesab olunur.
Bu barədə jurnalist-araşdırmaçı, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müəllimi Fərqanə Məlikova Postxronika.az-a açıqlamasında bildirib.
F.Məlikovanın sözlərinə görə, media savadlığı müasir dövrdə yalnız peşəkar jurnalistlər üçün deyil, hər bir vətəndaş üçün vacib bacarıqdır.
Mütəxəssis bildirib ki, media savadlığının inkişafı dezinformasiyaya qarşı mübarizənin ən effektiv vasitələrindən biridir.
“Gənclərdə erkən yaşlardan informasiya mədəniyyətinin formalaşdırılması gələcəkdə daha sağlam informasiya cəmiyyətinin yaranmasına xidmət edir. Təhsil müəssisələri, media qurumları və ailə bu istiqamətdə birgə fəaliyyət göstərməlidir. Media savadlı gənclər faktı rəydən ayırmağı, müxtəlif mənbələri müqayisə etməyi və ictimai proseslərə daha şüurlu yanaşmağı bacarırlar.”
F.Məlikova vurğulayıb ki, media savadlı auditoriyanın formalaşdırılması dezinformasiyaya qarşı dayanıqlı cəmiyyətin qurulmasının və gənclərin məlumatlı, məsuliyyətli və tənqidi düşünən vətəndaş kimi yetişməsinin əsas şərtlərindən biridir.
Nigar Vüqarqızı