Prezident İlham Əliyev Kamboca Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sok Çeanı qəbul edib.
Postxronika.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdikdən sonra tərəflər arasında görüş keçirilib.
Prezident İlham Əliyev Azərbaycanın Kamboca ilə ikitərəfli münasibətlərə, qarşılıqlı dəstəyə və hökumətlər, eləcə də hakim partiyalar səviyyəsində əməkdaşlığa böyük önəm verdiyini bildirib. Dövlət başçısı siyasi əlaqələrlə yanaşı, iqtisadiyyat və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Səfir Sok Çea Kamboca Kralı Norodom Sihamoninin və Baş nazir Hun Manetin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Dövlət başçısı da öz növbəsində təşəkkürünü ifadə edərək salamlarının Kamboca rəhbərliyinə çatdırılmasını xahiş edib.
Görüşdə iki ölkə arasında ticarət, turizm, mədəniyyət və xalqlararası əlaqələrin inkişafı üçün geniş potensialın olduğu qeyd edilib. Həmçinin Azərbaycanın və Kambocanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığından məmnunluq ifadə olunub.
Tərəflər Kambocanın Baş nazirinin Azərbaycana gözlənilən səfərinin ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcəyinə ümid etdiklərini bildiriblər.