Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernard Jorj Leopold de Qarsia Klinqli qəbul edib.
Postxronika.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdikdən sonra görüş keçirilib.
Prezident İlham Əliyev Azərbaycan ilə Braziliya arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə edərək, siyasi, iqtisadi-ticari, investisiya və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin, həmçinin müxtəlif səviyyələrdə təmasların artırılmasının vacibliyini vurğulayıb. Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb və onun diplomatik fəaliyyətinin iki ölkə arasındakı əlaqələrin inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.
Səfir Bernard Jorj Leopold de Qarsia Klinql Azərbaycana təyin olunmasından məmnunluğunu ifadə edərək, iki ölkə arasında diplomatik münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. O, Azərbaycan və Braziliyanın COP çərçivəsində də uğurlu əməkdaşlıq etdiyini vurğulayaraq, səfir kimi ikitərəfli əlaqələrin daha da genişlənməsi istiqamətində çalışacağını bildirib.
Görüşdə həmçinin Azərbaycan və Braziliyanın beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığına toxunulub, hər iki ölkənin çoxtərəfli diplomatiyaya dəstək verdiyi qeyd edilib.