Bu il Fransada baş verən meşə yanğınları nəticəsində 40 min hektardan çox meşə və bitki örtüyü məhv olub.

Postxronika.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loren Nune məlumat verib.

Nazir bildirib ki, 2026-cı il ölkə üçün müstəsna meşə yanğınları mövsümü kimi xarakterizə olunur. Onun sözlərinə görə, yanğınlarla bağlı 111 nəfər saxlanılıb və onların əksəriyyəti törətdikləri əməlləri etiraf ediblər. Nune qeyd edib ki, hər 10 yanğından 9-u qəsdən və ya insan fəaliyyəti nəticəsində baş verib.

Hazırda xüsusilə Var bölgəsi və Korsikada alovla mübarizə davam edir. Yanğınların söndürülməsi üçün yüzlərlə yanğınsöndürən və aviasiya qüvvələri səfərbər olunub.

Daxili işlər naziri bu həftə Fransanın cənub-şərq və cənub-qərb bölgələrində meşə yanğını riskinin yüksək olaraq qalacağını bildirib. O vurğulayıb ki, ölkənin yanğınlarla mübarizə üçün kifayət qədər resursu var.

Fransanın yanğınsöndürmə donanmasına 70-ə yaxın hava gəmisi, o cümlədən 12 “Canadair”, 8 “Dash” təyyarəsi, 12 helikopter və 36 yanğınsöndürmə təyyarəsi daxildir.

Meteoroloji xidmət “Meteo-France” isə bazar ertəsi ölkənin 27 departamentində meşə yanğınları riskinin yüksək olduğunu açıqlayıb.