Azərbaycan Turizm Bürosunun Rusiyadakı nümayəndəliyi Moskvada ölkəmizin biznes (MICE) və qış turizmi imkanlarının tanıdılması məqsədilə iki ixtisaslaşmış seminar təşkil edib.
Postxronika.az xəbər verir ki, “Absheron Hotel Group” ilə birgə keçirilən ilk seminar MICE turizminə həsr olunub. Tədbirdə Rusiyanın biznes tədbirlərinin təşkili üzrə fəaliyyət göstərən 11 aparıcı şirkətinin nümayəndələri iştirak ediblər.
Seminarda iştirakçılara Azərbaycanın ilboyu turizm imkanları, korporativ görüşlər, konfranslar və digər işgüzar tədbirlər üçün müasir infrastrukturu təqdim olunub. Həmçinin ölkənin MICE turizmi üçün cəlbedici məkan kimi potensialı diqqətə çatdırıb.
“Jet Travel” tur operatoru ilə birgə keçirilən ikinci seminarda isə Azərbaycanın qış turizmi imkanları təqdim edilib. Tədbirdə Rusiyanın 12 turizm agentliyinin nümayəndələri iştirak ediblər.
Qonaqlara Azərbaycanın qış turizm infrastrukturu, turizm məhsulları və zəngin mədəni irsi barədə məlumat verilib. Tədbir çərçivəsində iştirakçılar milli mətbəx nümunələri ilə də tanış olublar.
Seminarların məqsədi Azərbaycanın turizm potensialını Rusiya bazarında daha geniş tanıtmaq və bu ölkənin turizm sənayesi nümayəndələri ilə əməkdaşlığı gücləndirmək olub.