Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri Fridrix Merts iyulun 21-də Berlində Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında Birgə Siyasi Bəyannamə imzalayıblar.
Postxronika.az xəbər verir ki, sənədə əsasən, tərəflər uzunmüddətli dostluq münasibətlərini və qarşılıqlı etimada əsaslanan əməkdaşlığı daha da inkişaf etdirmək niyyətlərini təsdiqləyiblər. Bəyannamədə dövlət suverenliyi, müstəqillik və ərazi bütövlüyünə hörmət, eləcə də BMT Nizamnaməsi və digər beynəlxalq hüquq normalarına sadiqlik bir daha vurğulanıb.
Sənəddə Azərbaycan-Ermənistan münasibətlərində əldə olunan son irəliləyişlər, o cümlədən 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Zirvə Görüşünün nəticələri müsbət qiymətləndirilib. Almaniya Azərbaycanın və Ermənistanın regionda davamlı sülhə nail olmaq istiqamətində atdığı addımlara dəstəyini ifadə edib.
Tərəflər, həmçinin Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının strateji əhəmiyyətini qeyd edərək, siyasi dialoqun və praktiki əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Birgə Bəyannaməyə əsasən, Azərbaycan və Almaniya siyasi və diplomatik əlaqələr, iqtisadiyyat və ticarət, enerji, yaşıl inkişaf, təhlükəsizlik və müdafiə, mina təmizləmə, təhsil, elm, texnologiya, innovasiya, mədəniyyət və insanlararası əlaqələr sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədirlər.
Sənəddə qeyd olunub ki, bəyannamədən irəli gələn fəaliyyətlər tərəflərin milli qanunvericiliyinə və mövcud resurslara uyğun şəkildə həyata keçiriləcək.
Birgə Siyasi Bəyannamə 2026-cı il iyulun 21-də Berlin şəhərində ingilis dilində iki nüsxədə imzalanıb.