İyulun 21-də Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin İnformatika və tədqiqatlar departamentinin direktor müavini Kanq Şuayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Postxronika.az xəbər verir ki, görüşdə Azərbaycan–Çin münasibətlərinin son illərdə dinamik inkişaf etdiyi vurğulanıb, parlamentlərarası və partiyalararası əməkdaşlığın gücləndirilməsi, eləcə də iqtisadi, ticarət, təhsil, mədəniyyət, humanitar və gənclər sahələrində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.

Sahibə Qafarova bildirib ki, Azərbaycan ilə Çin arasında bütün istiqamətlər üzrə inkişaf edən əməkdaşlığın əsasında Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında formalaşmış dostluq münasibətləri dayanır. O, Azərbaycanın “Vahid Çin” siyasətini və Çinin ərazi bütövlüyünü daim dəstəklədiyini, Çinin də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyin ölkəmizdə yüksək qiymətləndirildiyini qeyd edib.

Milli Məclisin sədri parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri olduğunu vurğulayaraq, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığın və imzalanmış Anlaşma Memorandumunun bu əlaqələrin inkişafına mühüm töhfə verdiyini bildirib.

Kanq Şuay isə Çin ilə Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etdiyini, iki ölkə liderləri arasında yüksək səviyyəli dialoqun əməkdaşlığın daha da möhkəmlənməsində mühüm rol oynadığını deyib.

Görüşdə Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov dövlətlərarası siyasi dialoq və parlamentlərarası əməkdaşlığın əhəmiyyətindən danışıb, partiyalararası əlaqələrin inkişaf perspektivlərini dəyərləndirib. Çinin Azərbaycandakı səfiri Lu Mey də iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətləri barədə fikirlərini bölüşüb.

Sonda tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.