Bakının Binəqədi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.


Postxronika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.


Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Binəqədi rayonu, İlham Hacıyev küçəsində yerləşən 16 mərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.


Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yaşayış binasının elektrik şaxtasında baş verən yanğın qısa müddətdə söndürülüb. Alovun genişlənməsinə və mənzillərə keçməsinə imkan verilməyib.


Yanğın nəticəsində binanın şaxtası boyunca 51 paqonometr elektrik kabeli yanıb.


Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.


FHN-in əməkdaşlarının çevik müdaxiləsi sayəsində mənzillər və yaşayış binası yanğından mühafizə edilib.