İşğaldan azad edilmiş Cəbrayıl rayonunda mina partlayışı nəticəsində bir nəfər ağır xəsarət alıb.

Postxronika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.

Bildirilib ki, hadisə Cəbrayıl rayonunun Həsənli kəndi ərazisində baş verib. Rayonun Qumlaq kənd sakini, 1979-cu il təvəllüdlü Elşən Bəhlul oğlu Şəmilov minalardan tam təmizlənməmiş ərazidə traktorla torpaq şumlayarkən mina partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

TƏBİB-dən verilən məlumata görə, xəsarət alan şəxs saat 21:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona sağ said sümüyünün orta üçdəbir hissəsinin yerdəyişən sınığı, həmçinin incik və qamış sümüklərinin yerdəyişən qəlpəli açıq sınığı diaqnozları təyin edilib.

Hazırda pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

DİN, Baş Prokurorluq və ANAMA vətəndaşlara bir daha mina təhlükəsizliyi qaydalarına ciddi əməl etməyi, xəbərdarlıq nişanlarına diqqət yetirməyi, şübhəli əşyalara toxunmamağı, tanımadıqları ərazilərə daxil olmamağı və çəpərlənmiş sahələrə müdaxilə etməməyi tövsiyə ediblər.