Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycanın xarici siyasətinin uğurlarını və Avropa ilə əməkdaşlıqda yeni imkanların formalaşdığını nümayiş etdirən mühüm siyasi hadisədir.
Postxronika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Deputat bildirib ki, səfər zamanı Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyini və artan nüfuzunu bir daha nümayiş etdirib.
Onun sözlərinə görə, Azərbaycan ilə Almaniya arasında əməkdaşlıq artıq təkcə iqtisadi sahə ilə məhdudlaşmır. Siyasi dialoq, enerji təhlükəsizliyi, yaşıl enerji, sənaye, yüksək texnologiyalar, nəqliyyat-logistika və investisiya istiqamətlərində əlaqələrin genişlənməsi hər iki ölkənin uzunmüddətli maraqlarına xidmət edir.
Soltan Məmmədov qeyd edib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, eləcə də Orta Dəhlizin inkişafındakı rolu ölkənin geostrateji əhəmiyyətini daha da artırır. O vurğulayıb ki, Azərbaycan təkcə enerji ixracatçısı deyil, həm də Şərqlə Qərbi birləşdirən etibarlı nəqliyyat qovşağı və qlobal tədarük zəncirinin mühüm iştirakçısıdır.
Deputat Prezident İlham Əliyevin regional sülh və təhlükəsizliklə bağlı səsləndirdiyi fikirlərin də xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır və Cənubi Qafqazda davamlı sülh yalnız beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət əsasında mümkündür.
S.Məmmədov əlavə edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu yüksəlir, ölkə ilə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artır. Onun fikrincə, Almaniyaya rəsmi səfər Azərbaycan–Almaniya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Deputat: Almaniyaya rəsmi səfər Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələnin başlanğıcıdır