Bu ilin birinci yarısında Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpasına 1 milyard 64,1 milyon manat vəsait yönəldilib.
Postxronika.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,45 % azdır. Ayrılmış vəsait illik nəzərdə tutulmuş büdcənin 30,4 %-ni təşkil edib.
Ayrılan vəsaitin böyük hissəsi — 974,1 milyon manatı infrastruktur layihələrinə xərclənib. Bura avtomobil yollarının tikintisi (489,3 milyon manat), yeni yaşayış kompleksləri (371,1 milyon manat), turizm infrastrukturu (67,6 milyon manat), Şuşa, Xankəndi və Laçında kanat yolunun layihələndirilməsi (15,9 milyon manat), elektrik təchizatı (15,3 milyon manat), su-kanalizasiya xətləri (7,6 milyon manat) və sənaye parklarının infrastrukturu (7,3 milyon manat) daxildir.
Bundan başqa, 45,3 milyon manat ərazilərin minalardan təmizlənməsinə, 29,8 milyon manat səhiyyə və mədəniyyət yönümlü sosial layihələrə, 14,9 milyon manat isə müdafiə və hüquq-mühafizə obyektlərinin tikinti və təmirinə ayrılıb.