ABŞ və İran arasında hərbi gərginliyin həftəsonu səngiməsi, neft qiymətlərinin kəskin ucuzlaşması və investorların risk iştahasının artması fonunda iyulun 27-də Avropa səhm bazarlarında təxminən 1%-ə yaxın artım qeydə alınıb.
Postxronika.az "Reuters"ə istinadən xəbər verir ki, pan-Avropa "STOXX 600" indeksi 0.8% yüksələrək 649.34 bəndə çatıb.
İranın yüksək rütbəli rəsmisi "Reuters"ə bildirib ki, Vaşinqton hərbi sursat ehtiyatlarının tükənməsi narahatlığı fonunda bombardmanları dayandırdıqdan sonra, Tehran da qarşılıqlı olaraq hücumları dayandıracaq. Bu xəbərin ardından "Brent" markalı neftin fyuçersləri 6% ucuzlaşaraq bir barel üçün 90 dollar civarına düşüb. Energetika və kommunal xidmətlər sektorları ucuzlaşan yeganə sahələr olub.
Neftin ucuzlaşması xüsusilə aviaşirkətlərin gəlir gözləntilərini artırıb və nəticədə səyahət və istirahət sektoru 2.4% artımla bazarın liderinə çevrilib. "Lufthansa" və "IAG" səhmləri 3.7%, "Ryanair" isə 3.4% dəyər qazanıb. Həmçinin Böyük Britaniyanın "Vodafone" telekommunikasiya şirkəti "Safaricom" müqaviləsindən sonra illik proqnozlarını qaldırdığını açıqladıqdan sonra səhmləri 3.7% artıb.
Qeyd olunub ki, bu həftə investorların diqqəti həm də ABŞ-nin "Microsoft", "Meta Platforms", "Amazon" və "Apple" kimi texnologiya nəhənglərinin rüblük maliyyə hesabatlarına yönələcək.