Ölkənin ilk ixtisaslaşmış uşaq kanalı “ARB Günəş” milli-mənəvi dəyərlərin təbliği istiqamətində yeni musiqi layihəsini təqdim edib.
Postxronika.az xəbər verir ki, sözləri Xalq şairi Süleyman Rüstəmə, musiqisi görkəmli bəstəkar Şəfiqə Axundovaya məxsus olan “Laylay” mahnısını Azərbaycanın Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları ifa ediblər.
Layihənin əsas məqsədi Azərbaycan layla mədəniyyətini müasir ekran dili ilə təqdim etmək, milli-mədəni irsi qorumaq və gələcək nəsillərə ötürməkdir.
Şəki şəhərində lentə alınan klipdə şəhərin tarixi küçələri, memarlıq abidələri, xalçaçılıq və kəlağayı sənəti, eləcə də bölgənin təbiəti mahnının emosional ovqatı ilə vəhdət təşkil edir.
Ekran işinin quruluşçu rejissoru Vüsal Məmmədov, ssenari müəllifi Çimnaz Şixverdiyeva, quruluşçu operatoru Azər Sultanov, prodüseri Ramin Mustafayev, baş prodüseri isə Məhsim Məhsimovdur.