“OpenAI” şirkətinin baş direktoru Sem Altman süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyini bildirərək, bəşəriyyət üçün əsas çağırışın bu imkanlardan təhlükəsiz və hamı üçün əlçatan şəkildə istifadə etmək olduğunu deyib.
Postxronika.az xəbər verir ki, Altman bu fikirləri ABC telekanalına müsahibəsi zamanı səsləndirib.
Onun sözlərinə görə, süni intellekt sahəsində ən böyük risk “AI avtoritarlığı”nın yaranması, yəni bu texnologiyanın az sayda insan və ya şirkətin nəzarətinə keçməsidir.
“Bir qrup insan və ya şirkətin süni intellekt vasitəsilə dünyanı idarə etməsi çox pis ssenari olardı. Məqsədimiz bu texnologiyanı geniş yayılmış, əlçatan, güclü və ucuz etməkdir”, – deyə Altman bildirib.
Baş direktor qeyd edib ki, süni intellekt artıq insan davranışını təqlid etmək mərhələsini geridə qoyaraq gözlənilməz istiqamətlərdə inkişaf etməyə başlayıb. O, bir vaxtlar xəyal hesab olunan imkanların bu gün reallığa çevrildiyini və gələcəkdə insanlıq üçün böyük faydalar verə biləcəyini vurğulayıb.
Sem Altman bəzi şirkətlərin süni intellektlə bağlı baxışlarını narahatedici hesab etdiyini də bildirib və belə ssenarilərin reallaşmaması üçün çalışacağını söyləyib.
“Artıq hər bir istəyi yerinə yetirəcək bir ‘cin’ yaratmağa yaxınıq. İndi əsas məsələ onun bəşəriyyətə fayda verməsini və daha çox insanın həyatını yaxşılaşdırmasını təmin etməkdir”, – deyə “OpenAI” rəhbəri əlavə edib.