Azərbaycan Diaspor Gəncləri (ADG) avqustun 12–14-də İsveçrənin Cenevrə şəhərində keçiriləcək Beynəlxalq Gənclər Assambleyasında (International Youth Assembly) iştirak etmək hüququ qazanıb.
Postxronika.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Beynəlxalq Gənclər Günündə başlayacaq Assambleya dünyanın 100-dən çox ölkəsindən 500-dən artıq gənc lideri bir araya gətirəcək. Tədbirdə bilik və təcrübə mübadiləsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə tərəfdaşlıqların gücləndirilməsi və qlobal çağırışlara yönəlmiş innovativ təşəbbüslərin müzakirəsi nəzərdə tutulur.
Assambleyada Azərbaycanı ADG-nin 5 gənc üzvü təmsil edəcək. Bu münasibətlə təşkilatın loqosu Beynəlxalq Gənclər Assambleyasının 31-ci sessiyasının rəsmi reklam lövhəsində (“Brandwall”) yer alıb.
Qeyd olunub ki, ADG-nin bu nüfuzlu platformada iştirakı Azərbaycan diaspor gənclərinin beynəlxalq əlaqələrinin genişlənməsinə, yeni tərəfdaşlıqların qurulmasına və ölkəmizin dünya miqyasında daha geniş tanıdılmasına töhfə verəcək.
ADG nümayəndələrinin Beynəlxalq Gənclər Assambleyasında iştirakı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçiriləcək.