Güclü küləkli hava şəraiti səbəbindən aşan ağacın altında qalan 3 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Postxronika.az xəbər verir ki, xəsarət alanlardan 1961-ci il təvəllüdlü qadına sağ mil sümüyünün distal ucunun oynaqdaxili sınığı diaqnozu qoyularaq gips fiksasiyası edilib. Hadisə zamanı xəsarət alan 1998-ci il təvəllüdlü kişiyə sol pəncənin 3-cü barmağının kəsilmiş yarası, 2021-ci il təvəllüdlü azyaşlıya isə sağ əlin ikinci barmağının əzilmiş-cırılmış yarası diaqnozu təyin olunub.
Həkimlər tərəfindən zəruri tibbi yardım göstərildikdən sonra hər üç pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.
Mütəxəssislər əlverişsiz hava şəraiti ilə əlaqədar vətəndaşlara iri ağacların, köhnə tikililərin və təhlükə yarada biləcək konstruksiyaların yaxınlığında durmamağı, zərurət olmadıqda açıq havada qalmamağı tövsiyə edir.