Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.


Postxronika.az xəbər verir ki, dəyişiklik neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor təmsilçilərinə ƏDV-nin depozit hesabındakı vəsaitdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vəsait köçürmək imkanı yaradır.


Yeni qaydalar 2027-ci il yanvarın 1-dən etibarən 4 il müddətində qüvvədə olacaq. Vəsaitin köçürülməsi ilə bağlı şərtlər və prosedur müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək.


Qanunun məqsədi vergi ödəyicilərinin ƏDV depozit hesablarındakı vəsaitdən istifadə imkanlarını genişləndirmək, sosial öhdəliklərin yerinə yetirilməsi üçün əlavə maliyyə mənbələri formalaşdırmaq və qeyri-neft-qaz özəl sektorunda fəaliyyət göstərən sahibkarları dəstəkləməkdir.


Bununla yanaşı, dövlət başçısı Vergi Məcəlləsinə edilən dəyişikliklərin tətbiqi ilə bağlı fərman da imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində ƏDV depozit hesabından DSMF-yə vəsait köçürülməsinin qayda və şərtlərini təsdiqləyərək Prezidentə məlumat verməli, həmçinin qanundan irəli gələn digər məsələlərin həllini təmin etməlidir.