Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın “KuPS” klubu ilə qarşılaşacaq “Sabah”a uğurlar arzulayıb.
Postxronika.az xəbər verir ki, mütəxəssis açıqlamasında bildirib ki, “Sabah”ın hazırda ölkənin ən yaxşı formada olan komandasıdır.
A.Abbasov Bakıdakı ilk oyunda “Sabah”ın üstün futbol sərgilədiyini, lakin yaratdığı qol imkanlarından yararlana bilmədiyini deyib. Onun sözlərinə görə, “KuPS” sistemli oyun nümayiş etdirən, səbirli və mövqe hücumlarında təhlükə yarada bilən komandadır.
Baş məşqçi hesab edir ki, “Sabah” ilk oyunda olduğu kimi, cavab qarşılaşmasında da qol epizodları yaradacaq və həmin fürsətlərdən yararlansa, növbəti mərhələyə yüksəlmək şansı yüksək olacaq.
“İnanıram ki, “Sabah” bu turu keçəcək. Bu, həm klub, həm də Azərbaycan futbolu üçün vacibdir. Komanda Çempionlar Liqasında ilk mövsümünü keçirir və hər oyun onlar üçün böyük təcrübədir”, – deyə Ayxan Abbasov vurğulayıb.
Qeyd edək ki, “KuPS” – “Sabah” oyunu bu gün Bakı vaxtı ilə saat 19:00-da Kuopio şəhər stadionunda keçiriləcək.