Əlcəzair Prezidenti Əbdülməcid Təbbun Fransadan ölkə vətəndaşları üçün viza kvotası tələb etdiyi barədə yayılan iddiaları təkzib edib.

Postxronika.az xəbər verir ki, bu barədə Əlcəzair Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Prezident Təbbun jurnalistlərə açıqlamasında viza kvotası və ümumilikdə vizalarla bağlı heç vaxt belə bir məsələ qaldırmadığını bildirib. O, bu mövqeyini həm Əlcəzair, həm də Fransa ictimaiyyəti üçün bir daha təkrar etdiyini vurğulayıb.

Müzakirələr Fransanın Əlcəzairdəki səfiri Stefan Romatenin Parisin hər il verilən vizaların sayını mərhələli şəkildə yenidən 250 minə çatdırmağı planlaşdırdığı barədə açıqlamasından sonra yaranıb.

Fransa Prezidenti Emmanuel Makron da məsələ ilə bağlı çıxış edərək, Əlcəzair vətəndaşlarına veriləcək vizaların sayı üzrə heç bir rəqəmsal hədəfin müəyyən edilmədiyini bildirib. Fransa hökumətinin sözçüsü Mod Brejon isə Makronun Nazirlər Kabinetinin iclasında “Əlcəzairlə bağlı vizalar üzrə heç bir kvota yoxdur və Fransa bu məsələdə güzəştli siyasət yürütmür” dediyini açıqlayıb.

Beləliklə, həm Paris, həm də Əlcəzair rəsmiləri iki ölkə arasında viza siyasəti ilə bağlı konkret kvotaların müəyyənləşdirilməsi barədə yayılan məlumatları təkzib ediblər.