Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 12-də I və IV ixtisas qrupları, həmçinin III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənnindən keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.

Postxronika.az xəbər verir ki, ərizəsi təsdiq edilmiş 30 min 300 abituriyentdən 916 nəfəri imtahana gəlməyib. İştirakçılardan 16 nəfər qayda pozuntusuna yol verdiyinə görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən 6057 abituriyentdən isə 1256 nəfər coğrafiya imtahanında iştirak etməyib.

​Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər, IV ixtisas qrupu üzrə isə 15 nəfər göstərib. İki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə ən yüksək göstəricini (697,5 bal) Bakı şəhəri Xətai rayonu Heydər Əliyev adına liseyin məzunu Zəfər Həsənli və Qubadlı rayonu Qəzyan kənd tam orta məktəbinin məzunu Aysu Məhərrəmli əldə ediblər. IV ixtisas qrupu üzrə isə maksimum nəticəni (700 bal) Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Samir Tağızadə göstərib.

​Nəticələrlə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər iyulun 29-u saat 10:00-dan iyulun 31-i saat 17:00-dək DİM-in rəsmi saytında yerləşdiriləcək elektron ərizə vasitəsilə qeydiyyatdan keçə bilərlər.