Çin Azərbaycanın regional qarşılıqlı əlaqəliliyin təşviqində və beynəlxalq əməkdaşlığın inkişafındakı fəal rolunu yüksək qiymətləndirir.

Postxronika.az xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı hərbi attaşesi, polkovnik Sun Çjun Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 99-cu ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edərkən bildirib.

"Avropa və Asiyanın qovşağında yerləşən mühüm bir ölkə olaraq, Azərbaycan regionun inkişafına və onun sabitliyinin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verib. Biz həm regionda, həm də onun hüdudlarından kənarda sülhün və firavanlığın möhkəmləndirilməsinə yeni töhfə vermək məqsədilə əməkdaşlığımızın daha da dərinləşdirilməsi üzrə birgə işimizi davam etdirəcəyimizə ümid edirik", - o bildirib.

S.Çjun həmçinin qeyd edib ki, Çin və Azərbaycan arasında qarşılıqlı hörmətə əsaslanan möhkəm və dinamik inkişaf edən tərəfdaşlıq münasibətləri mövcuddur:

"Hərbi əməkdaşlıq və təcrübə mübadiləsi ikitərəfli münasibətlərimizin mühüm tərkib hissəsidir. Uzun illər ərzində iki ölkənin silahlı qüvvələri yüksək səviyyəli səfərlər, peşəkar dialoq, hərbi qulluqçuların hazırlığı və qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq vasitəsilə dostluq əlaqələrini ardıcıl olaraq inkişaf etdirirlər. Bu mübadilələr qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə kömək edib və gələcəkdə əməkdaşlığın inkişafı üçün etibarlı əsas yaradıb".