Müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqinin genişləndirilməsi, su ehtiyatlarından səmərəli istifadə və fermerlərin bilik və bacarıqlarının artırılması aqrar sektorun davamlı inkişafının əsas istiqamətləri hesab olunur. Bu məqsədlə ölkə üzrə həyata keçirilən təlim və maarifləndirmə tədbirləri aqrar sahədə innovativ yanaşmaların təşviqinə mühüm töhfə verir.

Bu barədə Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Postxronika.az-a açıqlamasında bildirib.

S.Hacıyevin sözlərinə görə, ölkədə kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunması və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində su ehtiyatlarından səmərəli istifadə prioritet məsələlərdən biridir.

Mütəxəssis qeyd edib ki, iqlim dəyişikliklərinin təsirlərinin artdığı və su resurslarının məhdudlaşdığı şəraitdə müasir suvarma texnologiyalarının tətbiqi xüsusi əhəmiyyət daşıyır.

“İqlim dəyişikliklərinin təsirlərinin artdığı və su resurslarının məhdud olduğu şəraitdə müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, su itkilərinin azaldılması və resurslardan səmərəli istifadə aqrar sektorun davamlı inkişafının əsas şərtlərindəndir”.

S.Hacıyev vurğulayıb ki, son üç il ərzində ölkədə müasir suvarma sistemlərinin tətbiq olunduğu ərazilərin həcmi 85–87 min hektardan 127 min hektara çatdırılıb.

“Qarşıya qoyulan hədəfə uyğun olaraq, 2030-cu ilin sonunadək bu göstəricinin 300 min hektara çatdırılması nəzərdə tutulur. Eyni zamanda, 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramında su ehtiyatlarından səmərəli istifadə, innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi və iqlim dəyişikliklərinə uyğunlaşma aqrar sahənin əsas inkişaf istiqamətləri kimi müəyyən edilib”.

Agentlik sədri bildirib ki, müasir suvarma texnologiyalarının uğurlu tətbiqi üçün fermerlərin maarifləndirilməsi və peşəkar hazırlığının artırılması mühüm əhəmiyyət kəsb edir.

“Bu baxımdan, Aqrar Təlim Mərkəzi torpaq və su resurslarından səmərəli istifadə, iqlim dəyişikliklərinə uyğunlaşma, məhsuldarlığın artırılması və müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqi istiqamətində ardıcıl təlim və maarifləndirmə tədbirləri həyata keçirir”.

S.Hacıyev əlavə edib ki, 2026-cı ilin ilk altı ayı ərzində Aqrar Təlim Mərkəzi tərəfindən ümumilikdə 628 təlim və maarifləndirici tədbir təşkil olunub.

“Bunlardan 401-i ixtisaslaşmış təlim, 112-si işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsinə dair təlim, 63-ü ümumtəhsil müəssisələrində maarifləndirici görüş, 20-si nümunəvi təsərrüfatlarda sahə görüşü, 32-si isə dövlət–özəl tərəfdaşlığı çərçivəsində keçirilən təlimlər olub. Tədbirlər ölkənin 52 rayonunu əhatə edib və ümumilikdə 16 min 709 fermer, kənd təsərrüfatı istehsalçısı və digər maraqlı şəxslərin bilik və bacarıqlarının artırılmasına töhfə verib”.

S.Hacıyev qeyd edib ki, aqrar sahədə təlimlərin genişləndirilməsi fermerlərin müasir texnologiyalara çıxış imkanlarını artırmaqla yanaşı, kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir.

Atabəy Abbaszadə