UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Dinamo” (Minsk) – “Neftçi” cavab oyunu öncəsi Bakı klubunun baş məşqçisi Yuri Vernidub fikirlərini bölüşüb.
Postxronika.az xəbər verir ki, ukraynalı mütəxəssis ilk oyundakı məğlubiyyətdən sonra komandanın psixoloji zərbə aldığını, buna baxmayaraq, futbolçuların cavab görüşünə tam hazır olduqlarını bildirib.
Baş məşqçi komandanın meydanda xarakter nümayiş etdirməsinin vacibliyini vurğulayıb.
“Əgər xarakterimiz varsa, meydana çıxıb sonadək vuruşacağıq. Sabahkı oyunu səbirsizliklə gözləyirik. Rəqib də bu matça ciddi hazırlaşıb. Meydanda hər şey bəlli olacaq. İstəyirəm ki, futbolçularım bunu dərk etsinlər və kişi kimi mübarizə aparsınlar”, – deyə Yuri Vernidub bildirib.
O, bütün futbolçuların sağlam olduğunu qeyd edərək, ilk oyundakı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib.
“Sabah “Neftçi”yə layiq oyun göstərmək, hər zaman qələbə qazanmaq əzmində olduğumuzu nümayiş etdirmək istəyirik. Arzu edirəm ki, azarkeşlərimiz həm çətin, həm də uğurlu günlərdə daim yanımızda olsunlar”, – deyə baş məşqçi əlavə edib.