Çində “Sivilizasiyalararası mübadilə və qədim klassik əsərlərin tərcüməsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Postxronika.az xəbər verir ki, Beynəlxalq Konfutsiçilik Assosiasiyası və Konfutsi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə Çinlə yanaşı Azərbaycan, ABŞ, Fransa, Misir, Hindistan, İran, İspaniya da daxil olmaqla 20 ölkədən 50-yə yaxın alim və tədqiqatçı iştirak edib.
Konfransda Pekin Xarici Dillər Universitetinin Asiya fakültəsinin Azərbaycan dili kafedrasının müdiri, Beynəlxalq Konfutsiçilik Assosiasiyasının idarə heyətinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev “Konfutsi fəlsəfəsinin əsas konseptlərinin Azərbaycan dilində mədəniyyətlərarası transformasiyası” mövzusunda məruzə ilə çıxış edib.
O, Konfutsinin “Söhbətlər və mühakimələr” (“Lunyü”) əsərinin Çin dilindən Azərbaycan dilinə tərcüməsi ilə bağlı apardığı tədqiqatın əsas nəticələrini təqdim edib. Məruzədə tərcümə zamanı tətbiq olunan metodoloji yanaşmalar, Konfutsi fəlsəfəsinin əsas anlayışlarını ifadə edən mədəni yüklü terminlərin Azərbaycan dilinə adekvat şəkildə ötürülməsi məsələləri ətraflı izah olunub.
Aqşin Əliyev bildirib ki, Konfutsi fəlsəfəsinə aid bir sıra anlayışlar yalnız linqvistik deyil, həm də dərin tarixi, fəlsəfi və mədəni məna daşıyır. Bu səbəbdən onların tərcüməsində təkcə hərfi uyğunluq deyil, orijinal semantik yükün qorunması əsas prinsip kimi nəzərə alınmalıdır.
Çıxış zamanı mədəniyyətlərarası əlaqələrin inkişafında qarşılıqlı tərcümənin əhəmiyyəti, eləcə də qədim mətnlərin müxtəlif sivilizasiyalar arasında intellektual və mənəvi dialoqun qurulmasındakı rolu xüsusi vurğulanıb.
Qeyd edək ki, Konfutsinin kəlamları və tələbələri ilə dialoqlarını əhatə edən “Söhbətlər və mühakimələr” əsəri ilk dəfə Çin dilindən Azərbaycan dilinə Aqşin Əliyev tərəfindən tərcümə olunub. Əsərin cari ilin avqust ayında Çinin “Xarici dillər” nəşriyyatında çapdan çıxması nəzərdə tutulur.