Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov iyulun 29-da Qazaxıstanın Astana şəhərində səfərdə olub. Nazir burada fəaliyyət göstərən “Alem.AI” Beynəlxalq Süni İntellekt Mərkəzində təşkil edilən “Phygital Sports Summit Astana 2026” beynəlxalq idman sammitinə qatılıb.

Postxronika.az xəbər verir ki, Fərid Qayıbov sammit çərçivəsində “Fijital idmanın gələcəyinin formalaşdırılması: dövlət, siyasət və qlobal liderlik” mövzusunda keçirilən sessiyada çıxış edib. Tədbirdən sonra iştirakçılar Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentlərinin də qatıldığı “Gələcəyin oyunları”nın rəsmi açılış mərasimini izləyiblər.

​Səfər çərçivəsində nazir Qazaxıstanın turizm və idman naziri Yerbol Mırzabosınov və Özbəkistanın idman naziri Ədhəm İkramovla ikitərəfli görüşlər keçirib.

​Bundan başqa, Fərid Qayıbov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin baş qərargahını da ziyarət edib. Ziyarət zamanı Azərbaycanın sədrlik etdiyi AQEM Gənclər Şurası çərçivəsində son iki ildə ölkəmizdəki tədbirlərdə fəallıq göstərən könüllü gənclərlə görüş baş tutub. Nazir həmçinin AQEM-in Baş katibi Kayrat Sarıbay ilə birgə gənclər sahəsində əməkdaşlığın gələcək perspektivlərini müzakirə edib.