Milli Məclisin sədri Sahibə Qafarova iyulun 30-da Efiopiyaya rəsmi səfəri çərçivəsində Afrika və digər region ölkələrinin Əddis-Əbəbədəki səfirləri ilə görüşüb.
Postxronika.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, tədbirdə çıxış edən spiker müasir dövrdə çoxtərəfliliyin yeni qlobal reallıqlara uyğunlaşdırılmasının vacibliyini və bu prosesdə parlamentlərin əsas rol oynadığını bildirib.
Sahibə Qafarova çıxışında Afrikanın dəyişən dünyadakı yeri, parlament diplomatiyasının əhəmiyyəti, Parlamentlərarası İttifaqın (PAİ) fəaliyyəti və "Afrika Gündəliyi – 2063" barədə fikirlərini bölüşüb.
Söhbət zamanı Azərbaycanın və Afrika ölkələrinin beynəlxalq parlament təşkilatlarında iştirakı, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti, Bakıda keçirilmiş COP29-un nəticələri və digər beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.