ABŞ-nin Corciya ştatında orta məktəbdə 4 nəfəri güllələyərək öldürən yeniyetmənin atası qətl və adamöldürmə ittihamları ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Postxronika.az xəbər verir ki, 55 yaşlı Kolin Qrey 2024-cü ildə Uinder şəhərindəki "Apalachee" məktəbində iki müəllimin və iki şagirdin ölümü ilə nəticələnən hücumla bağlı irəli sürülən bir sıra ittihamlar üzrə təqsirli bilinib.
Ötən həftə qətlləri etiraf edən 16 yaşlı Kolt Qrey ömürlük həbs cəzasına məhkum edilib. İstintaq zamanı məlum olub ki, yeniyetmənin hücumda istifadə etdiyi tüfəng ona atası tərəfindən hədiyyə edilib. Prokurorlar Kolin Qreyi bu qanlı hadisənin qarşısını ala biləcək yeganə şəxs adlandırıblar.
Qeyd edək ki, "Apalachee" məktəbindəki hücum zamanı 14 yaşlı Kristian Anqulo və Meyson Şermerhorn, həmçinin 39 yaşlı Riçard Aspinvol və 53 yaşlı Kristina İrimi həyatını itirib. CBS kanalının məlumatına görə, Kolin Qreyin mühakiməsi ABŞ tarixində bir valideynin övladının törətdiyi kütləvi atışmaya görə cinayət məsuliyyətinə cəlb edildiyi üçüncü haldır.
Hakim Nikolas Primm hökmü oxumazdan əvvəl Kolin Qreyə müraciət edərək, onu övladını psixoloqa aparmadığına, onlayn fəaliyyətinə nəzarət etmədiyinə və evdəki silahları kilitli saxlamadığına görə sərt tənqid edib. Hakim qeyd edib: "Sizin bir valideyn kimi uğursuz olduğunuz aydındır. Təhlükə siqnalları getdikcə daha çox parlamağa başlamışdı, amma siz bu faciənin qarşısını almaq üçün ən sadə addımları belə atmadınız."
Prokurorluq Kolin Qrey üçün maksimum 80 il həbs cəzası istəsə də, müdafiə tərəfi cəzanın 10 ilə endirilməsini xahiş edib. Yekun qərara əsasən, hakim ona 15 il həbs cəzası təyin edib.