Hesablama Palatası Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) borc öhdəlikləri və pul bazarları alt portfeli üzrə likvidlik və kredit risklərinin yenidən qiymətləndirilməsini tövsiyə edib.

Postxronika.az xəbər verir ki, bu barədə Palatanın ARDNF-in vəsaitlərinin formalaşdırılması və əsas istiqamətlər üzrə istifadəsinin auditinin nəticələrinə dair hesabatında bildirilib.

Hesabata əsasən, 2025-ci ilin sonuna Fondun investisiya portfelində istiqraz, depozit və nağd pul alt portfelinin ümumi həcmi 21 milyard 913 milyon 720 min 469 ABŞ dolları təşkil edib. Müqayisə üçün, 2024-cü ilin sonunda bu göstərici 28 milyard 156 milyon 520 min 848 ABŞ dolları olub.

Qeyd olunub ki, 2025-ci il ərzində borc öhdəlikləri və pul bazarları alt portfelinin gəlirlilik dərəcəsi 4,7 faiz, investisiya portfelində xüsusi çəkisi isə 29,8 faiz təşkil edib.

Hesablama Palatası yüksək reytinqli və yüksək likvid aktivlərin payının azalması fonunda Fondun likvidlik və kredit risklərinin mütəmadi qiymətləndirilməsini, strateji likvidlik ehtiyatlarının optimal səviyyəsinin müəyyənləşdirilməsini, eləcə də risk limitlərinin yenidən nəzərdən keçirilməsini məqsədəuyğun hesab edib.