Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqında artım qeydə alınıb.
Postxronika.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-may aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz artaraq 1 175 manat təşkil edib.
Rəsmi statistikaya görə, orta aylıq əməkhaqqı ən yüksək olan sahələr mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatıdır. Bu sahələr üzrə əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
Dövlət Statistika Komitəsi bildirir ki, əməkhaqqındakı artım iqtisadiyyatın müxtəlif sahələrində çalışan muzdlu işçilərin gəlirlərində müsbət dinamikanın davam etdiyini göstərir.