Azərbaycanda istehlak qiymətlərində artım davam edir. Dövlət Statistika Komitəsi 2026-cı ilin ilk yarısı üzrə inflyasiya göstəricilərini açıqlayıb.
Postxronika.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb. Bu dövrdə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər 6,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 5,7 faiz yüksəlib.
Komitənin məlumatına görə, iyun ayında əvvəlki ayla müqayisədə qarabaşaq yarması, toyuq əti, yoqurt, qatıq, süfrə marqarini, günəbaxan və qarğıdalı yağı, limon, alma, ərik, ağ kələm, soğan, eləcə də qazlı və qazsız suların qiymətlərində artım müşahidə olunub.
Eyni zamanda, təzə balıq, yumurta, banan, alça, çiyələk, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, süfrə çuğunduru, sarımsaq və kartofun qiymətləri ucuzlaşıb. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişiklik qeydə alınmayıb.
Qeyri-ərzaq məhsulları arasında isə boya, mebel, avtomobillər üçün mühərrik yağı və mobil telefonlar bahalaşıb, məişət avadanlıqları və zərgərlik məmulatlarının qiymətləri isə azalıb. Ödənişli xidmətlər sektorunda əsas qiymət artımı beynəlxalq hava sərnişindaşıması və ölkədaxili istirahət turları üzrə qeydə alınıb.