Nizami Kino Mərkəzində 2 Avqust – Azərbaycan Kinosu Günü münasibətilə tədbir təşkil olunub.

Postxronika.az xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycanda kino sahəsinə dövlət səviyyəsində hər zaman xüsusi diqqət göstərildiyini bildirib. O xatırladıb ki, Ulu Öndər Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli Sərəncamı ilə avqustun 2-si Azərbaycan Kinosu Günü kimi təsis edilib, Prezident İlham Əliyevin 2007-ci il tarixli Sərəncamı isə milli kinonun maddi-texniki bazasının gücləndirilməsinə mühüm töhfə verib.

Tədbirdə “Azərbaycan kinosunun 2008–2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” çərçivəsində görülən işlərdən, eləcə də Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) milli kinematoqrafiyanın inkişafındakı rolundan da bəhs olunub.

ARKA-nın Baş direktoru Rəşad Əzizov bildirib ki, yerli filmlərin beynəlxalq səviyyədə tanıdılması, kino infrastrukturunun inkişafı və peşəkar kadr hazırlığı əsas prioritetlərdəndir. Onun sözlərinə görə, hazırda 10 tammetrajlı bədii film istehsal olunur. Həmin filmlərdən beşi artıq təhvil verilib, bir qismi kinoteatrlarda nümayiş etdirilib, digərləri isə yaxın aylarda tamaşaçılara təqdim ediləcək.

Tədbirdə iştirak edən Vyetnam Kino Assosiasiyasının prezidenti Do Lenh Hung Tu iki ölkə arasında teatr və kino sahəsində əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib. Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev isə Xalq artisti Əjdər İbrahimovun Azərbaycan kinosunun inkişafındakı xidmətlərindən danışıb.

Sonda bu il istehsal olunan filmlərin treylerləri nümayiş etdirilib, kino sahəsində fərqlənən şəxslər mükafatlandırılıb. Tədbir çərçivəsində Əjdər İbrahimov haqqında sənədli film, “Eyni yağışın altında” cizgi filmi və “Divarın o üzünə” bədii filmi də izləyicilərə təqdim olunub.