Azərbaycan ədəbiyyatı və mədəniyyətinə ağır itki üz verib. Müasir poeziyamızın görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq və ictimai xadim Nəriman Həsənzadə vəfat edib.
Postxronika.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, 1931-ci il fevralın 18-də Qazax rayonunun Poylu qəsəbəsində anadan olan Nəriman Həsənzadə zəngin ədəbi yaradıcılığı və ictimai fəaliyyəti ilə milli ədəbiyyat xəzinəmizə böyük töhfələr verib. O, müxtəlif illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru, mətbuat və informasiya nazirinin birinci müavini, Milli Aviasiya Akademiyasının Humanitar fənlər kafedrasının müdiri və Ədəbiyyat Fondu İdarə Heyətinin sədri kimi məsul vəzifələrdə çalışıb.
Müəllifi olduğu çoxsaylı şeir, poema və dram əsərləri ilə tanınan şairin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, “Xalq şairi” fəxri adına, “Şöhrət”, “Şərəf”, “İstiqlal”, "Heydər Əliyev" ordenlərinə və Heydər Əliyev Mükafatına layiq görülüb.