Gürcüstan universitetlərində təhsil alan tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi ilə bağlı yeni qaydalar müəyyən edilib.
Postxronika.az xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Givi Mikanadze açıqlama verib.
Nazirin sözlərinə görə, yeni maliyyələşmə modelinə əsasən, dövlət universitetlərində təhsil alan tələbələrin ilk iki semestr üzrə təhsil haqqı tam şəkildə dövlət tərəfindən ödəniləcək.
Bildirilib ki, üçüncü semestrdən etibarən tələbənin təhsil haqqının 100 faiz dövlət tərəfindən qarşılanması üçün əvvəlki semestrdə nəzərdə tutulan kreditlərin ən azı 80 faizini toplaması tələb olunacaq.
Bu şərt yerinə yetirilmədiyi halda isə dövlət təhsil haqqının 50 faizini maliyyələşdirməyə davam edəcək. Tələbələrə növbəti semestrdə əlavə fənlər seçərək çatışmayan kreditləri toplamaq və sonrakı dövrdə yenidən tam maliyyələşmədən yararlanmaq imkanı veriləcək.
Qeyd olunub ki, yeni maliyyələşmə modeli Dünya Bankının ekspertləri ilə əməkdaşlıq çərçivəsində hazırlanıb və beynəlxalq təcrübə nəzərə alınıb.