İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən Ağdam Sənaye Parkında sənaye istehsalının genişləndirilməsi və ixrac potensialının artırılması istiqamətində işlər davam etdirilir.
Postxronika.az xəbər verir ki, hazırda parkda 30 sahibkarlıq subyektinə rezident, 4 sahibkara isə qeyri-rezident statusu verilib. Rezidentlər tərəfindən sənaye parkına 177 milyon manatdan çox investisiya yatırılıb, 1230 daimi iş yeri yaradılıb. Hazırda 12 müəssisə fəaliyyət göstərir, daha 12 müəssisənin tikintisi davam edir, 10 müəssisə üzrə isə layihələndirmə işləri aparılır.
Parkda fəaliyyət göstərən müəssisələrdən biri olan “BAFCO İnvest” MMC-nin ayaqqabı fabrikində 20-yə yaxın ayaqqabı modeli, eləcə də müxtəlif təyinatlı poliuretan çəkmələr istehsal olunur.
Müəssisənin istehsal üzrə direktor müavini Musa Alızadənin sözlərinə görə, istehsal olunan məhsullar daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac edilir. Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Qazaxıstan əsas ixrac istiqamətləridir. Yaxın vaxtlarda Qazaxıstana 8 min cüt ayaqqabı göndərilib.
Bildirilib ki, müəssisə beynəlxalq sərgilərdə iştirak edir və Yaxın, Orta Şərq, eləcə də Avropa bazarlarına ixrac imkanlarını genişləndirir. Fabrikin EN ISO uyğunluq sertifikatına malik olması məhsulların beynəlxalq bazarlara çıxarılmasına şərait yaradır.
Qeyd olunub ki, fabrikdə 70 nəfərdən çox əməkdaş çalışır və onların əksəriyyəti Ağdam və ətraf rayonlardan olan sakinlərdir. Müəssisədə istehsal gücü xüsusi təyinatlı ayaqqabılar üzrə illik 360 min cüt, poliuretan çəkmələr üzrə isə 150 min cüt təşkil edir.