Azərbaycan Jurnalistlər Birliyi (AJB) Mingəçevirdə Aran, Qarabağ və Qərb bölgələrində fəaliyyət göstərən media nümayəndələri ilə görüş keçirib.

Postxronika.az xəbər verir ki, tədbirdə AJB-nin sədri, Əməkdar jurnalist Elçin Şıxlı, yazıçı-publisist Əkbər Qoşalı, Əməkdar jurnalist Varis Yolçuyev, Qafqaz TV-nin baş direktoru Eltən Qədimbəyli, EL TV-nin baş direktoru İqbal Məmmədəliyev, eləcə də bölgə media rəhbərləri və jurnalistlər iştirak ediblər.

Görüşdə əsas məqsəd bölgələrdə çalışan jurnalistlərin və media rəhbərlərinin Azərbaycan Jurnalistlər Birliyindən gözləntilərini öyrənmək, onların təkliflərini dinləmək və Birliyin gələcək fəaliyyət istiqamətlərini müasir jurnalistikanın tələblərinə uyğun müəyyənləşdirmək olub.

Müzakirələr zamanı süni intellektin media sahəsinə təsiri, rəqəmsal transformasiya, dezinformasiya ilə mübarizə, peşə etikası, auditoriya etimadı, jurnalistlərin hüquqi müdafiəsi, bölgə mediasının problemləri və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Həsən bəy Zərdabinin mətbuat irsinin müasir dövrün çağırışları ilə uzlaşdırılmasının vacibliyi vurğulanıb.

AJB-nin sədri Elçin Şıxlı bildirib ki, peşəkar jurnalistikanın əsas üstünlüyü etibarlı, məsuliyyətli və keyfiyyətli informasiya təqdim etməsindədir. Onun sözlərinə görə, analoji görüşlər Gəncə, cənub bölgəsi və Qarabağda da keçiriləcək, daha sonra isə Bakıda yekun toplantı təşkil olunaraq səsləndirilən təkliflər müzakirə ediləcək.

Tədbirin sonunda iştirakçılar bu cür görüşlərin media ictimaiyyəti ilə dialoqun genişlənməsinə, bölgə jurnalistlərinin problemlərinin daha yaxından öyrənilməsinə və peşəkar əməkdaşlığın güclənməsinə töhfə verdiyini bildiriblər.