İtaliyada yeni istilər dalğasının təsiri ilə ölkənin demək olar ki, bütün böyük şəhərlərində ən yüksək - "qırmızı" xəbərdarlıq səviyyəsi elan edilib.
Postxronika.az xəbər verir ki, səhiyyə rəsmilərinin sözlərinə görə, paytaxt Roma, eləcə də Milan, Venesiya və Neapol daxil olmaqla 19 şəhər artıq qırmızı xəbərdarlıq altındadır.
Səhiyyə Nazirliyinin dərc etdiyi son bülletenə əsasən, bazar ertəsi günü İtaliyanın 27 böyük şəhərindən 25-i qırmızı, sadəcə 2-si (Recco Kalabriya və Messina) ikinci dərəcəli "narıncı" xəbərdarlıq səviyyəsində olacaq. Şənbə günü bir çox ərazilərdə temperatur 35 dərəcəyə çatıb. Səlahiyyətlilər isti havanın təkcə yaşlılar, azyaşlılar və xroniki xəstələr üçün deyil, həm də sağlam və aktiv insanlar üçün ciddi risk yaratdığını xəbərdar edirlər.
Nazirlik əhaliyə saat 11:00-dan 18:00-a qədər birbaşa günəş işığına çıxmamağı, qapalı məkanlarda qalmağı və bol maye qəbul etməyi tövsiyə edib. Bildirilir ki, bu ekstremal istilərə Şimali Afrikadan gələn və hazırda Aralıq dənizi üzərində güclənən subtropik antisiklon səbəb olur.
Avropanın digər ölkələrində isə ekstremal istilər dəhşətli meşə yanğınlarına səbəb olub. Yunanıstan, Fransa, Portuqaliya və İspaniyada yanğınsöndürənlər minlərlə hektar ərazini əhatə edən alovla mübarizəni davam etdirirlər. Fransanın Var bölgəsində yanğının yenidən alovlanması səbəbindən 2500 nəfər təxliyə edilib. Lakin Jirond bölgəsindəki nəhəng yanğın artıq nəzarət altına alınıb və təxliyə edilmiş 200 min sakin öz evlərinə qayıda bilib.
Yunanıstanın Viotiya sahil qəsəbəsində yüzlərlə insan, əsasən də turistlər dəniz yolu ilə ərazidən çıxarılıb. İspaniyada isə bu il 200 min hektardan çox ərazi külə dönüb. "Copernicus" İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə, Avropa qlobal ortalamadan iki dəfə sürətlə isinən qitədir və bu, davamlı istilərə, su qıtlığına və daha intensiv meşə yanğınlarına gətirib çıxarır.