XV Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı musiqisevərlərə təqdim olunub.
Postxronika.az xəbər verir ki, Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində keçirilən kamera musiqisi axşamında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri müxtəlif bəstəkarların əsərlərindən ibarət zəngin proqramla çıxış ediblər.
Konsertdə M.Ravel, B.Smetana, Ü.Hüseynzadə, A.Şnitke, A.Bayramzadə, V.Rəhimov, T.Quliyev, E.Kurtis, R.Şedrin, A.Məlikov və F.Əmirovun əsərləri səsləndirilib.
Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli bildirib ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı gənc ifaçıların öz istedadlarını nümayiş etdirmələri və peşəkar inkişafları üçün mühüm platformadır. Onun sözlərinə görə, ötən 15 il ərzində festival səhnəsində ilk çıxışını edən onlarla gənc hazırda müxtəlif beynəlxalq festival və müsabiqələrdə Azərbaycanı uğurla təmsil edir.
Akademiyanın II kurs tələbəsi, Rumıniyada keçirilən beynəlxalq müsabiqənin qalibi Məhəmməd Allahverdiyev isə Qəbələ Festivalında çıxış etməyin uşaqlıq arzusu olduğunu bildirib. O, yaradılan imkanlara görə akademiya rəhbərliyinə və festivalın təşkilatçılarına təşəkkür edib.
Qeyd edək ki, festivalın axşam proqramında açıq hava konsertində Moldovanın “Fluieraș” Xalq Mahnı və Rəqs Ansamblı ilə “Millenium” etno-estrada qrupu da çıxış edəcək.