Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xocavənd rayonunda humanitar minatəmizləmə işləri zamanı baş verən mina hadisəsi ilə bağlı bəyanat yayıb.

Postxronika.az xəbər verir ki, bəyanatda özəl şirkətlərdən birinin əməkdaşının piyada əleyhinə minaya düşərək xəsarət alması ilə əlaqədar ciddi narahatlıq ifadə olunub.

Ombudsman xəsarət alan əməkdaşa tezliklə şəfa arzulayıb, ailəsinə və yaxınlarına həmrəyliyini bildirib.

Bəyanatda vətəndaşlara mina təhlükəsinin davam etdiyi xatırladılaraq, azad olunmuş ərazilərdə yalnız müəyyən edilmiş marşrutlardan istifadə etmələri, naməlum əşyalara toxunmamaları və təhlükəsizlik qaydalarına ciddi əməl etmələri tövsiyə olunub.

Qeyd edilib ki, Ermənistanın uzun illər ərzində Azərbaycan ərazilərini minalarla çirkləndirməsi münaqişədən sonrakı dövrdə də insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratmaqda davam edir. Mina partlayışlarının insanların yaşamaq, sağlamlığın qorunması və təhlükəsiz mühitdə yaşamaq hüquqlarına, eləcə də keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışına maneə olduğu vurğulanıb.

Ombudsman beynəlxalq ictimaiyyəti və aidiyyəti beynəlxalq təşkilatları Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətinə texniki, maliyyə və ekspert dəstəyini artırmağa çağırıb.

Bəyanatda, həmçinin mina təhlükəsinin aradan qaldırılmasının insan hüquqlarının təmin olunması, insanların həyat və sağlamlığının qorunması, eləcə də işğaldan azad edilmiş ərazilərin təhlükəsiz bərpası və məskunlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.