Yaxın Şərqdə davam edən geosiyasi gərginlik və enerji təchizatına yönələn təhdidlər neft qiymətlərinin yüksəlməsinə səbəb ola bilər.
Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, agentliyin keçirdiyi sorğuda iştirak edən iqtisadçılar və analitiklər 2026-cı ildə neftin orta qiyməti ilə bağlı proqnozlarını artırıblar.
Sorğunun nəticələrinə əsasən, Brent markalı neftin bir barelinin orta qiymətinin 2026-cı ildə 85,22 dollar olacağı gözlənilir. ABŞ-ın WTI markalı neftinin isə orta hesabla 80,14 dollar səviyyəsində qərarlaşacağı proqnozlaşdırılır.
Ekspertlərin fikrincə, əsas səbəb İranla bağlı geosiyasi risklər, eləcə də Hörmüz boğazında daşımaların məhdudlaşmasıdır. ABŞ və İran arasında fevral ayında başlayan qarşıdurma bölgədə neft nəqlinə mənfi təsir göstərib. Bundan başqa, Yəməndə İranın dəstəklədiyi husilərin Qırmızı dənizdə gəmilərə hücumları da enerji bazarlarında narahatlığı artırır.
Analitiklər bildirirlər ki, ABŞ və İran arasında davamlı atəşkəs əldə olunsa belə, Fars körfəzi regionunda neft axınının tam normallaşması üçün dörd-altı ay vaxt tələb oluna bilər.
Reuters-in sorğusuna görə, 2026-cı ildə qlobal neft tələbatının artım tempinin zəifləyəcəyi gözlənilir. Bununla yanaşı, bazarda gündəlik 1-2,6 milyon barel həcmində təklif çatışmazlığının yarana biləcəyi ehtimal edilir.
OPEC də 2026-cı il üzrə dünya neft tələbatının artımı ilə bağlı proqnozunu ardıcıl üçüncü dəfə aşağı salaraq gündəlik 780 min barel səviyyəsində müəyyənləşdirib. Analitiklər hesab edirlər ki, enerji böhranının qlobal iqtisadiyyata təsirləri fonunda neftə tələbatın sürətli bərpası yaxın perspektivdə çətin görünür.
Atabəy Abbaszadə