Azərbaycanda bəzi sahələrdə çalışanların əməkhaqqı ölkə üzrə orta göstəricini bir neçə dəfə üstələyir. Rəsmi statistika göstərir ki, ən yüksək maaşlar əsasən enerji, maliyyə və informasiya texnologiyaları sektorlarında qeydə alınır.

Postxronika.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar–may aylarında ölkə üzrə orta aylıq nominal əməkhaqqı 1 175 manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz artıb.

Rəsmi məlumatlara görə, ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində qeydə alınıb. Bu sahədə çalışanların orta aylıq maaşı 4 605,7 manat təşkil edir. Həmçinin maliyyə və sığorta, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində çalışanların əməkhaqqı ölkə üzrə orta göstəricidən xeyli yüksəkdir.

Mütəxəssislər bildirirlər ki, bu sahələrdə yüksək əməkhaqqının əsas səbəbləri ixtisaslı kadrlara tələbatın çox olması, peşə bacarıqları, məsuliyyət səviyyəsi və işin mürəkkəbliyidir. Onların sözlərinə görə, rəqəmsallaşma və enerji sektoruna yatırılan investisiyalar yaxın illərdə də bu sahələrdə yüksək maaş tendensiyasını qoruyacaq.

Ekspertlər gənclərə əmək bazarında rəqabətədavamlı olmaq üçün informasiya texnologiyaları, mühəndislik, maliyyə və xarici dil biliklərini inkişaf etdirməyi tövsiyə edirlər.

Nigar Vüqarqızı