Azərbaycan dövləti nəqliyyat layihələri üzrə üzərinə götürdüyü öhdəlikləri yüksək sürətlə yerinə yetirir. Dəmir yolu və avtomobil yolu layihələrinin 2027-ci ilin əvvəlinədək Ermənistan sərhədinədək çatdırılması planlaşdırılır.

Postxronika.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Federal Şurasının üzvü, Federal Xarici İşlər Departamentinin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, Naxçıvan Muxtar Respublikası ərazisində təxminən 180 kilometrlik dəmir yolu xətti mövcuddur. Lakin xətt 30 ilə yaxın istismar edilmədiyindən onun bərpası üçün əlavə investisiyalar və genişmiqyaslı yenidənqurma işləri tələb olunur. Bu istiqamətdə işlərə artıq başlanılıb.

C.Bayramov bildirib ki, region üçün mühüm layihələrdən biri olan Qars–İğdır–Dilucu dəmir yolu xəttinin də tikintisi qardaş Türkiyə ərazisində davam etdirilir.

Nazir vurğulayıb ki, bu layihələrin vaxtında tamamlanması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpasına, eyni zamanda Şərq–Qərb və Orta Dəhliz marşrutlarının inkişafına mühüm töhfə verəcək.