İran Hörmüz boğazından dəniz ticarət nəqliyyatının bərpası ilə bağlı Omanla razılığa gəlməyə yaxındır.

Postxronika.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti İran və ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, razılaşma əldə olunacağı təqdirdə, Körfəzə daxil olan gəmilər İranın nəzarətində olan və sahillərinə yaxın yerləşən gəmiçilik kanalından, Körfəzdən çıxan gəmilər isə Oman yaxınlığındakı kanaldan istifadə edəcək.

İran rəsmiləri keçid üçün rüsum tutulmayacağını bildirsələr də, naviqasiyanın ekoloji təsirləri, yük gəmiləri və tankerlərin təhlükəsizliyi, eləcə də heyət xərclərini əhatə edən “xidmət haqqı” tətbiq ediləcəyini qeyd ediblər. Əldə olunacaq gəlirin İran və Oman arasında bərabər bölüşdürülməsi nəzərdə tutulur.

ABŞ rəsmisi isə qəzetə açıqlamasında İranın bu məlumatının dəqiq olmadığını bildirib. Onun sözlərinə görə, boğazdan keçəcək müvəqqəti gəmiçilik marşrutları Tehranın təsdiqini tələb etməyəcək və hər hansı rüsum tətbiq olunmayacaq.

Qəzet yazır ki, Pentaqonun bəzi yüksəkvəzifəli rəsmiləri təklif olunan razılaşmanın İrana güzəşt kimi qiymətləndirilə biləcəyindən narahatdır. Eyni zamanda, İranın bəzi rəsmiləri də razılaşmanın tam icra ediləcəyinə və bunun ABŞ-nin mümkün növbəti hücumlarının qarşısını alacağına şübhə ilə yanaşırlar.